21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsində Çexiya U-21 ilə qarşılaşıb - 1:1.
Həmin qarşılaşmadan sonra millimizin hücumçusu Nahid Əliyevin
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyunla bağlı təəssüratlarınız necədir?
- "Şükürlər olsun ki, xal qazana bildik. Ağır oyun keçdi. Millidə bütün oyunlar belə olur. Çexiya da qrupda ikinci yerdə qərarlaşan komandadır. Çox şükür ki, 1 xal qazandıq.
- Qarşılaşma boyu xeyli epizodlarınız oldu. Qələbə üçün nə çatmadı?
- Nəyin çatmadığını dəqiq deyə bilmərəm, amma müdafiədə oturmadıq. Qorxmadıq, futbol oynadıq. Məncə, buna görə nəticə yaxşıdır. Hətta qələbə də qazana bilərdik.
- İlk oyunda yığmamız 0:5 hesabı ilə uduzmuşdu. Bu dəfə bərabərlik qeydə alındı. Həmin matçdan bu yana nələr dəyişdi?
- Dəyişən bir şey yoxdur. Sadəcə, ilk oyun baş məşqçi Rəşad müəllimin rəhbərliyi altında ilk matçımız idi. Bəlkə də, onda bir-birimizi yaxşı tanımırdıq. İndi isə bir-birimizi daha yaxşı başa düşürük və baş məşqçinin tapşırıqlarını yerinə yetiririk.
- Bundan sonra komandanın əsas hədəfi nədir? Milli komandada rekord 9 xal idi və bu göstəricini yeniləmək ehtimalınız var...
- Əlbəttə. Rekord 9 xaldır. Biz isə daha çox xal toplamaq istəyirik. Şükürlər olsun ki, artıq aktivimizdə 7 xal var. Əsas məqsədimiz rekordu yeniləməkdir.