
Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, mərhum Mirəli Seyidovun əziz xatirəsinə həsr olunmuş "Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə karate turnirinin təntənəli açılış mərasimi keçirilib.
Sport1.az xəbər verir ki, açılış mərasimində ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, rəsmi şəxslər, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının təmsilçiləri, eləcə də idmançıların ailə üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Milli Məcilisin Deputatı, Azərbagcan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərindən danışıb. O bildirib ki, Mirəli Seyidov uzun illər ərzində karate idman növünün inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm fəaliyyət göstərib.
Ülvi Quliyev qeyd edib ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu bir şəxsiyyət olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq turnirlərdə qazandıqları uğurlar Azərbaycan idman tarixində özünəməxsus yer tutur. Deputat vurğulayıb ki, belə yarışların təşkili həm gənclərin idmana marağının artırılması, həm də tanınmış idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Turnirdə ümumilikdə 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparır. Yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən klubların karateçiləri iştirak edirlər.
Tədbir çərçivəsində mərhum Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb, turnirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.