
Kipr təmsilçisi "Omoniya"nın hücumçusu Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirməsi gözlənilir.
Sport1.az Kipr mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu artıq "Qarabağ" ilə aparılan danışıqlarda razılığa gəlib. Bildirilir ki, tərəflər müqavilənin əsas şərtlərini müəyyənləşdiriblər və transferin rəsmiləşməsi yaxın vaxtlarda baş tuta bilər.
25 yaşlı hücumçunun bu seçimi Kiprdə birmənalı qarşılanmayıb. Yerli mütəxəssislər futbolçunun belə qərar verməsini ölkədə skaut sisteminin yetərincə inkişaf etməməsi ilə əlaqələndirirlər.
Muaddibin başqa klublardan da təkliflər aldığı qeyd olunsa da, onun avrokuboklarda müntəzəm çıxış edən komandaya qoşulmaq istəyi seçimində əsas rol oynayıb. Bu səbəbdən o, məhz “Qarabağ” variantına üstünlük verib.
Qeyd edək ki, fransalı forvard ötən yay Rumıniyanın "Botoșani" klubundan “Omoniya”ya transfer olunmuşdu. Mövsüm başa çatdıqdan sonra isə onun azad agent kimi Ağdam təmsilçisinə qoşulacağı gözlənilir.