
“Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə nəzərdə tutulan 14 milyon funt sterlinqlik kompensasiyadan imtina edib.
Sport1.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. İtaliyalı mütəxəssis klub rəhbərliyi ilə yaşadığı ciddi fikir ayrılıqlarına görə bu mövzuda danışıqlara belə getməyib. Bildirilir ki, Mareska rəhbərliyin onun nüfuzunu sarsıtmasından son dərəcə narazı olub.
Həmçinin, klub daxilində onun futbolçuların sağlamlığını riskə ataraq, həkimlərin qadağasına baxmayaraq oyunçuları meydana buraxması ilə bağlı iddialar da Mareskanı qəzəbləndirib.
Xatırladaq ki, “Çelsi” yanvarın 1-də Entso Mareskanın baş məşqçi postundan uzaqlaşdırıldığını rəsmən açıqlamışdı. O, London klubunu 2024-cü ilin yayından çalışdırırdı. Mareskanın rəhbərliyi altında “zadəganlar” UEFA Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. Premyer Liqada isə 19 turdan sonra “Çelsi” 30 xalla 6-cı pillədə qərarlaşıb.