
“Liverpul”da Məhəmməd Salahın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Sport1.az xəbər verir ki, Football Transfers nəşrinin məlumatına görə, Mersisayd klubu 33 yaşlı vingerlə yolları əsasən yayda ayırmağı planlaşdırır. Lakin müəyyən şərtlər daxilində bu ayrılıq qış fasiləsində də baş tuta bilər.
Mənbə bildirir ki, əgər “Mançester Siti” və ya “Mançester Yunayted” “Bornmut”un sağ cinah oyunçusu Antuan Semenyo üçün rəsmi addım atsa, bu vəziyyət “Liverpul”un transfer strategiyasına birbaşa təsir göstərəcək. Həmin ssenari reallaşarsa, “qırmızılar” Semenyonu heyətinə qatmaq üçün prosesləri sürətləndirə və bu da Salahın klubdakı gələcəyini sual altına qoya bilər.
Qeyd olunur ki, Semenyo “Liverpul”un maraq dairəsində olan futbolçulardandır və Mançester klublarının aktivləşməsi bu transferdə rəqabəti daha da artıracaq.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. Bu müddətdə misirli hücumçu bütün turnirlərdə 421 oyunda iştirak edib, 250 qol vurub və 117 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.