
“Bavariya” hücum xəttini gücləndirmək üçün transfer bazarında fəallaşıb.
Sport1.az xəbər verir ki, jurnalist Kristian Falkın məlumatına görə, Münhen təmsilçisi Danimarkanın “Midtyullann” klubunda çıxış edən 21 yaşlı mərkəz hücumçusu Frankulin Cuya maraq göstərir. Bildirilir ki, “Bavariya”nın idman direktoru Kristof Freund artıq həm klub, həm də futbolçunun özü ilə əlaqə saxlayıb.
Mənbənin məlumatına əsasən, “Midtyullann” gənc forvardı 25–30 milyon avro qarşılığında satmağa hazırdır. Qeyd olunur ki, Frankulin Cu uğrunda mübarizədə “Bavariya” tək deyil. “Liverpul” və Dortmund “Borussiya”sının da futbolçunu yaxından izlədiyi bildirilir.
Cari mövsümdə Frankulin Cu bütün turnirlərdə 30 oyunda iştirak edib, 21 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun Danimarka klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.