
Almaniyanın “Ayntraxt” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyuna azarkeşsiz çıxacaq.
Sport1.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisinə bu qarşılaşma üçün səfər azarkeşlərinə bilet satışı qadağan edilib. Buna səbəb komandanın əvvəlki turda “Barselona” ilə səfər matçında baş verən intizam pozuntularıdır.
Həmin görüş zamanı “Ayntraxt” fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi UEFA tərəfindən cəzalandırılıb və klub 38 min avro məbləğində cərimə olunub. Hadisələrdən sonra azarkeşlərin davranışı əlavə risk kimi qiymətləndirilib və Bakıdakı oyun üçün sərt qərar verilib.
Beləliklə, Almaniya təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada tribunadan dəstək ala bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də baş tutacaq.