
2030-cu il Dünya Çempionatının final oyunu Madriddə keçirilə bilər.
Sport1.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, həlledici qarşılaşmanın “Real”ın ev stadionu olan “Santyaqo Bernabeu”da baş tutması gündəmdədir. Bildirilir ki, bu variantın irəli çıxmasında “kral klubu”nun prezidenti Florentino Pereslə FIFA rəhbəri Canni İnfantino arasındakı yaxın münasibətlər də mühüm rol oynaya bilər.
Mənbə qeyd edir ki, turnirin ev sahibliyi edəcək şəhərlərin yekun siyahısı 2026-cı ilin son aylarında açıqlanacaq. FIFA isə İspaniya, Mərakeş və Portuqaliyanın birgə təşkil edəcəyi mundialın dəqiq formatı ilə bağlı qərarı yalnız gələn ilin yayının sonuna doğru verəcək.
Xəbərdə vurğulanır ki, İspaniyanın ilkin mərhələdə lider mövqedə olması, təqdim etdiyi stadionların sayı və dünya futbolundakı çəkisi əsas üstünlüklər sırasındadır. “Santyaqo Bernabeu”nun xeyrinə olan amillər sırasında arenanın güclü brendi, müasir yenilənməsi və iri miqyaslı tədbirlərə ev sahibliyi təcrübəsi göstərilir.
Eyni zamanda namizədlər arasında Madridin digər arenası olan “Metropolitano” və “Barselona”nın stadionu “Kamp Nou” da yer alır. Lakin Kataloniya təmsilçisinin stadionunda aparılan yenidənqurma işləri ilə bağlı qeyri-müəyyənlik bu variantın şanslarını azaldır. “Benfika”nın stadionu isə ciddi namizəd kimi qiymətləndirilmir.