
İtaliyanın “Milan” klubu “Arsenal”ın hücumçusu Qabriel Jezusu transfer etməyi planlaşdırır.
Sport1.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “rossoneri” 28 yaşlı braziliyalı futbolçunu qış fasiləsində icarə əsasında heyətinə qatmaq istəyir. Maliyyə məhdudiyyətləri səbəbindən Milan təmsilçisi oyunçunun tam transferini hazırda nəzərdən keçirmir.
Mənbənin məlumatına görə, “Milan” Qabriel Jezusun Londonda aldığı illik 16 milyon avro məvacibə yaxın maaş təklif etmək imkanında deyil.
Qeyd edək ki, cari mövsümdə Jesus bütün turnirlər üzrə cəmi iki oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb. Onun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.