
Bu mövsümdən II Liqada debüt edən iki klubdan biri “Şirvan”dır.
Bölgə təmsilçisi çempionatda yaxşı mübarizə aparanlar sırasındadır. Belə ki, komanda son 9 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.
Şirvanlıların prezidenti Ramil Tağıyevlə əlaqə saxlayaraq kollektivin bumövsümkü hədəfindən danışdıq. "Şirvan"ın rəhbəri mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Uzun illər idi ki, Şirvan şəhəri və şirvanlılar futbol üzünə həsrət idi. Nə vaxta kimi sakinlərimiz başqa klublara azarkeşlik edəcək və canlı futbol görməyəcəkdi? Bu səbəbdən də təmsilçimizin olması üçün qərar qəbul etdik. Ötən mövsüm Region Liqasında yaxşı çıxış edərək təcrübə qazandıq. Bu ildən II Liqada mübarizə aparırıq. Məqsədimiz həm Şirvanda futbol populyarlaşdırmaq, həm də klubumuzun inkişaf etdirərək peşəkar liqalarda çıxış etməkdir. Hazırda komandamız hər turda əzmkarlıq sərgiləməklə uğurlu nəticələr qazanır. Bu tempi qorusaq, əla olar. Məqsədimiz I Liqaya vəsiqəni təmin etməkdir. Bunun üçün maksimum gücümüzü ortaya qoyacağıq”.
Klub rəhbəri maliyyə problemləri və sponsor axtarışları ilə bağlı da danışdı:
“AFFA-ın ayırdığı bəlli vəsaitdən başqa demək olar ki, əlavə büdcəmiz yoxdur. Əlbəttə ki, sponsor axtarışlarımızı davam etdiririk. Kimlərəsə məcbur bizə maliyyə ayırın deyə bilmərik. Həm axtarışlarımız, həm sərgilədiyimiz oyun, həm də əldə edəcəyimiz yaxşı nəticələr sayəsində gec-tez bizə dəstək olan sponsorlar tapacağımıza inanıram”.
MİRZƏ S.