“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqadakı çempionluq yarışında topladığı təcrübəyə güvəndiyini bildirib.Sport1.az xəbər verir ki, Sky Sports-a müsahibəsində Qvardiola mövsümün startındakı itkilərə baxmayaraq uzunmüddətli hədəflərə inandığını vurğulayıb: “Deyərdim ki, pis başlamadıq. Daxilimdə bu mövsümün yaxşı keçəcəyinə dair hiss var”.
Rəqiblərdən danışan mütəxəssis “Arsenal”ın gücünü xüsusi qeyd edib: “Ehtiyatlı olmalı olduğunuz bir komanda var, “Arsenal” kimi. Onlar güclü, səmərəli və müxtəlif ssenarilərin öhdəsindən gələ bilirlər”.
Qvardiolanın sözlərinə görə, əsas məqsəd liderlərə yaxın qalmaq və mərhələ-mərhələ yüksəlməkdir: “Təkmilləşməyə başlamaq, o səviyyəyə yaxın olmaq istəyirik. Mövsüm uzun, çox şey ola bilər, ona görə də orada olmağa çalışmalıyıq”.
İspan mütəxəssis ötən mövsümü xatırladaraq tam heyətin əhəmiyyətini də vurğulayıb: “Bu mövsüm bir heyətə sahib olmaq üçün dua edirəm. Heyətimiz tam olanda son 15–20 oyunda ən yaxşı komanda idik. Problem o idi ki, keçən mövsüm ardıcıl 9–10 matçda qalib gələ bilmədik; belə olanda Premyer Liqanı qazanmaq olmur”.