son dəqiqə SON DƏQİQƏ
Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ●

Dambrauskas: “Buna siz qərar verərsiniz”

Bölmə adı Sabah
Yayımlandı Dünən, 22:54

Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə səfərdə qolsuz bərabərliyə (0:0) imza atan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb:

“Mövsümün erkən mərhələsində, cəmi 6 oyundan sonra xal itkisi və ya qazancı haqqında danışmaq üçün tezdir. Qarşıda hələ 27 matçlıq böyük bir yol var. Çempionat boyunca itirilən xalların yerini doldurmaq üçün kifayət qədər vaxt olacaq. Bu gün liqanın iki iddialı komandası arasında gərgin və fiziki mübarizəyə söykənən matç izlədik. Zaman-zaman üstünlük tərəflər arasında tərəzi kimi dəyişirdi. Əslində mənim üçün gözlənilən hal idi. Çünki milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra futbolçular ritmi itirirlər. Bəzi oyunçularımız matçdan cəmi bir gün əvvəl komanda ilə birgə məşqə çıxmışdılar. İndi əsas məqsədimiz tez bir zamanda bərpa olunmaq, fiziki formamızı yenidən optimal səviyyəyə çatdırmaq və çərşənbə axşamı Çempionlar Liqasında “Slaviya”ya (Praqa) qarşı keçirəcəyimiz vacib görüşə hazırlaşmaqdır”.

– Bu matçı avrokubok oyunu ərəfəsində bir növ sınaq saymaq olar? Həmçinin, çempionat matçının təxirə salınması üçün müraciət etmək imkanınız var idi. Niyə bundan istifadə etmədiniz?

– Təxirə salınma məsələsi tamamilə qeyri-realdır. Əgər belə etsək, gərək “Borussiya” (Dortmund) ilə oyundan öncə “Qəbələ” matçını, “Vikinq”lə qarşılaşmadan əvvəl “Qarabağ”la oyunu, “Barselona” matçından öncə isə digər çempionat görüşlərimizi təxirə salaq. Belə çıxır ki, gələn mövsümün oyunlarını da indidən tənzimləməliyik? Bu mümkün deyil və heç lazım da deyil. Kifayət qədər geniş və mübariz heyətimiz var, şans gözləyən futbolçularımız çoxdur. Təxirə salınmaya ehtiyac görmürəm. Sualın birinci hissəsinə gəlincə, bəli, hər bir matç komandanın inkişafı və növbəti addımı üçün bir hazırlıq xarakteri daşıyır.

– Bu cür gərgin və ağır oyundan sonra komandanı Çempionlar Liqası matçına psixoloji və fiziki olaraq hazırlamaq nə qədər çətin olacaq?

– Çətinliyindən asılı olmayaraq, bu mənim işimdir və öhdəsindən gəlməliyəm. Hər oyuna hazırlıq müəyyən mənada çətindir. Nəticə yaxşı olanda hər şey asan görünür, qələbə qazanılmayanda isə hazırlığın çətin keçdiyi deyilir. Bu, həyatın və bizim peşəmizin ayrılmaz hissəsidir. Mənim vəzifəm komandanı qarşıdakı sınaqlara ən yaxşı şəkildə hazırlamaqdır.

– Mövsümlərarası fasilədə yoxlama oyunu keçirməyən yeganə komanda siz oldunuz. Bu gün isə Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels kimi əsas heyət oyunçularının ehtiyatda qalmasına milli fasilə səbəb olmuşdu, yoxsa bu, rəqibin yorğunluğundan yararlanmaq üçün düşünülmüş taktiki gediş idi?

– Adətən milli fasilədən sonra ilk matçda 2-3 həftə ərzində mənimlə birgə məşq edən futbolçulara şans verməyə üstünlük verirəm. Çünki milli komandaların düşərgəsindən qayıdan oyunçuların zədəli və ya həddən artıq yorğun olmaq riski var. Mən yalnız nəzarət edə bildiyim amillərə güvənirəm. Sol cinah müdafiəçisi mövqeyində Puxaçdan başqa alternativimiz demək olar yox idi, o oynadı. Xaybullayev isə milli komandadan qayıtdıqdan sonra bizimlə 3 məşqə çıxmışdı və yaxşı formada idi. Digər tərəfdən, Umarali və Mikels matçdan cəmi bir gün əvvəl bir məşqdə iştirak etmişdilər. Əvəzində, Du Keyros 3 həftə boyunca fasiləsiz hazırlaşmışdı. Heyəti müəyyən edəndə əsas məntiq bundan ibarət idi.

– Keçən mövsüm avrokubok mübarizəsini daha erkən başa vurmuşdunuz. Bu mövsüm həm Çempionlar Liqasının əsas mərhələsində oynamaq, həm də daxili çempionatda iddianı davan etdirmək işinizi ikiqat ağırlaşdırmır?

– İki cəbhədə mübarizə aparmaq müəyyən çətinliklər yaradır. Lakin Çempionlar Liqasının liqa mərhələsində çıxış etmək bizim üçün böyük bir xəyaldır. Keçən sezon avrokuboklarla erkən vidalaşsaq da, çempionatın ilk 3 turunda artıq 5 xal itirmişdik. “İmişli”yə uduzmuş, “Neftçi” ilə heç-heçə etmişdik. Cari mövsümdə isə 6 turdan sonra cəmi 2 xal itirmişik və Çempionlar Liqasında mübarizə aparırıq. Ona görə də gileylənməyə haqqım yoxdur. Qrafik ağır ola bilər, amma əldə edilən nəticə həmin zəhmətə dəyər.

– Bu heç-heçədən sonra matçın qəhrəmanı kimi qapıçı Stas Pokatilovu göstərmək olar?

– Buna siz qərar verərsiniz.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR