SON DƏQİQƏ
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Prezident İlham Əliyevin Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakını yüksək qiymətləndirib.
Sport1.az xəbər verir ki, Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında dövlət başçısının mərasimdə iştirakının Azərbaycan idmanına göstərilən diqqət və qayğının, ölkədə cüdoya verilən xüsusi önəmin göstəricisi olduğunu bildirib.
“Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram!”, - ACF rəhbəri qeyd edib.
Qeyd edək ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.
Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.