"Araz-Naxçıvan" Misli Premyer Liqasının 4-cü turunda "Qarabağ"a uduzub - 2:3.
Həmin matçdan sonra Muxtar Respublika təmsilçisinin yarımmüdafiəçisi Ceyhun Nuriyevin
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Qarşılaşmanı necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, yaxşı oyun keçirdiyimizi düşünürəm. Turlar irəlilədikcə daha yaxşı komandaya çevrilirik. "Sabah"la oyunda da yaxşı mübarizə apardıq. Qol epizodlarımız var idi. Heyətimiz gec yığıldığı üçün hazırda problemlər yaşayırıq. Komandada köhnə heyətdən az oyunçu qalıb, yeni gələnlər var. Uğur vaxt tələb edir. Növbəti turlar qələbə qazanmağa çalışacağıq.
- Cavid Hüseynov meydanın kənarında çox emosional görünürdü. Çalışdırıcı fikirlərini oyunçulara çatdıra bilmirdi, yoxsa meydanda futbolçular arasında anlaşılmazlıq var idi?
- Xeyr. Biz məşqçinin bütün fikirlərini başa düşürük. Avropada baş tutan oyunlara da baxıram. Bütün məşqçilər kənarda emosional, dəliqanlı olur. Normaldır. Qələbə qazanmaq istəyirlər.
- Sanki yeni mövsümün püşkü "Araz-Naxçıvan" üçün xeyli çətin oldu...
- Bəli, bir az bəxtimiz gətirmədi. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Bütün rəqiblərlər qarşılaşacağıq. Hələ qələbə qazana bilməmişik. Qalib gəlmək borcumuzdur. Getdikcə daha da yaxşı komanda olacağıq.
- Məğlubiyyətlər sizə psixoloji basqı yaratmır?
- Əlbəttə, yaradır. "Sabah" kimi komandaya qarşı yaxşı mübarizə apardıq. Bu səbəbdən məyus oluruq. Adamın əziyyətinə heyfi gəlir. Dediklərimin heç biri bəhanə deyil.
- Növbəti matçınız "Turan Tovuz"a qarşı olacaq. Həmin oyunla bağlı fikirləriniz necədir?
- Ceyhun Nuriyev: Artıq qələbə qazanmağı hədəfləyirik. Bunun vaxtıdır. Turlar keçdikcə komandanın özünə inamı artır. Bu gün ilk qollarımızı vurduq. Artıq qələbə qazanmaq istəyirik. Rəqiblərimizdən çəkinmirik.
- Qarşılaşma komandanızın 3:2 hesablı məğlubiyyəti ilə bitdi. 3-cü qolu görüşün son dəqiqələrində vurdunuz. Erkən fərqlənsəydiniz, ən azından 1 xal qazana bilərdiniz?
- Ola bilərdi. Bəlkə də, hə. Beş dəqiqə artıq vaxtımız olsaydı (bir standart vəziyyət, bir küncdən zərbə), bəlkə də, hesabı 3:3 edə bilərdik.