"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda "Şəfa"nı məğlub edib - 4:1.
Həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın yeni transferi Viçko Şevelin
Sport1.az-a müsahibəsini təqdim edirik:
- "Şəfa" ilə oyun haqqında nə düşünürsünüz?
- Matçın ilk saniyəsindən üstünlük göstərdik. Daha yaxşı olan tərəf biz idik və layiqli qələbə qazandıq. Bir neçə zərbəmiz dirəyə tuş gəldi. Məncə, daha çox qol vura bilərdik. Belə böyük bir kluba gəldiyim üçün çox şadam. "Neftçi"də çıxış etdiyim üçün qürur duyuram.
- Azarkeşlər, stadion və ümumi ab-hava haqqında fikriniz necədir?
- Fanatlarımız möhtəşəmdir. Elə komandamız da. Milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə də qalib yollanmaq istəyirik.
- Sizi nə vaxtdan etibarən əsas heyətdə görə bilərik?
- Şotlandiya futbolu ilə Azərbaycan futbolu arasında fərqlər var. Bura uyğunlaşmağım üçün mənə vaxt lazımdır. Çox çalışıram. Baş məşqçimiz məndən tam razı olanda əsas heyətdə oynayacağam.
- Bakı şəhərini bəyənirsiniz?
- Bəyənirəm, amma hələ gəzmək fürsətim olmayıb. Hər gün məşqimiz olur, ona görə də baxıb zövq ala bilməmişəm. Hazırda məşqlərimiz hər şeydən öndə gəlir. Burada hava şəraiti daha yaxşıdır.
- Şotlandiyadakı kimi çox yağış yağmır...
- Bəli. Hərçənd, Bakıya gəldiyim ilk gün yağış yağırdı (gülür).