"I Liqanın başlaması ilə bağlı bütün futbolsevərləri təbrik edirəm. Çempionata çox yaxşı hazırlaşmışıq. Artıq 1 aydan çoxdur ki, futbolçular bir yerdədir".
Bu sözləri
Sport1.az-a açıqlamasında "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri deyib.
Çalışdırıcı komandanın bazada məskunlaşdığını bildirdi:
"Demək olar ki, heyəti formalaşdırmışıq. Ola bilsin ki, daha 1-2 futbolçu cəlb edək. Bilirsiniz, komandamız gec yığıldı. Bu səbəbdən yaxşı futbolçular seçməkdə problemlər yaşayırdıq. Şükürlər olsun, gənclərdən ibarət kollektiv formalaşdırmışıq. İnşallah, çəkdiyimiz əziyyət yerdə qalmaz. Oyunçular verdiyimiz tapşırıqların öhdəsindən gəlsələr, məzmunlu futbol oynayan komanda görəcəksiniz".
Nəziri heyətə 3 legioner cəlb etdiklərini söylədi:
"Azərbaycanlı gəncləri də komandaya dəvət etmişik. Onlarla işləmək mənə böyük motivasiya verir. Həmin gəncləri Azərbaycan futboluna qazandırmaq istəyirəm. Onlar da bunun fərqindədirlər. Günü-gündən performanslarını daha da artırırlar. Çempionatda bunun bəhrəsini görəcəyik".
O, Gəncə təmsilçisinin 2026/27 mövsümündə I Liqada hədəfindən də söz açdı:
"Rəhbərliklə ilk görüşdə hədəfimiz çempionluq olub. Sadəcə gec toplandığımız üçün gənclərdən ibarət yaxşı kollektiv formalaşdırmağı düşündük. Bu, o demək deyil ki, əlimizi-qolumuzu sallayıb aşağı yerlərdə qərarlaşacağıq, xeyr. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, yuxarı pillələrdə yer tutaq. Niyə də yox? Rəhbərlik sağ olsun, bizim üçün gözəl şərait yaradıb".