
Misli Premyer Liqasının XXXII turunun “Qarabağ” – “İmişli” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq, Avropa Liqasına vəsiqəni təmin etdik. Bəlkə də oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini deyə bilmərəm. Komandamda motivasiya yerində idi və buna görə yaxşı qalibiyyət əldə edə bildik. Stadionda olan hər kəsə təşəkkür edirəm. “İmişli”yə də təşəkkürlər düşür. Premyer Liqada ilk illəri idi və buna baxmayaraq, çox yaxşı çıxış etdilər.
– Mətbuatda “Omoniya”nın futbolçusu Jali Muaddiblə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
– Hələ heç kimlə anlaşmamışıq. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.
– Komandanın Çempionlar Liqasında yox, Avropa Liqasında oynaması transfer fəaliyyətinə təsir edir?
– Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar.
– Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?
– Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.
– Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?
– Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.