
"Sabah" çempionluqda vacib rol oynayan sol cinah müdafiəçisi Timoteuş Puxaçı komandada saxlamaq istəyir.
Sport1.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Misli Premyer Liqasının qalibi futbolçunun müqavilə ilə məxsus olduğu "Holştayn Kil" ilə danışıqları davam etdirir.
Polşa millisinin üzvünün “Sabah”la icarə müqaviləsi iyunun 30-da başa çatır. Çempionlar Liqasında çıxış edəcək Bakı təmsilçisi futbolçunu birdəfəlik transfer etmək üçün qarşı tərəfə 1 milyon avro ödəməyə hazırdır. Keçən il 2 milyon avro dəyərində qiymətləndirilən müdafiəçinin hazırkı transfer qiyməti 1 milyon avroya enib.
Bununla belə, “Sabah” rəhbərliyi məbləğin bir qədər də aşağı salınmasına çalışır. Timoteuş Puxaçla şəxsi şərtlərdə razılıq əldə olunub. İndi əsas məsələ “Holştayn Kil”lə yekun anlaşmanın əldə edilməsidir.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Misli Premyer Liqasında 12 məhsuldar ötürmə ilə diqqət çəkib.