
Premyer Liqanın 2025/26 mövsümünün sürpriz komandası olan “İmişli”nin legionerləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb.
Sport1.az xəbər verir ki, “Transfermarkt” portalının son yenilənməsi Aran təmsilçisi üçün olduqca müsbət mənzərə ortaya qoyub. Komandanın heyətində yer alan 10 əcnəbidən 9-nun bazar dəyəri artıb. Yalnız bir futbolçunun qiyməti əvvəlki göstərici ilə müqayisədə sabit qalıb.
Müdafiəçi Edvin Banqueranın bazar dəyəri 200 min avrodan 600 minə yüksəlib. Kolumbiyalı komanda daxilində dəyəri ən çox artan legionerdir. Edvin həm də kollektivin ən bahalı futbolçusudur.
Juninyonun da qiymətində nəzərəçarpan artım var. Braziliyalının bazar dəyəri son yenilənmədə 100 min avrodan 450 minə qədər qalxıb.
Dioqo Rollonun qiyməti isə 125 mindən 350 minə dəyişib. Portuqaliyalı cari mövsümdə əsas heyətdə daha çox şans qazanan futbolçular sırasındadır.
Belaruslu qapıçı Andrey Sinenkonun da bazar dəyəri yüksəlib. 28 yaşlı futbolçunun qiyməti 100 mindən 350 minə qalxıb.
Yarımmüdafiə xəttində çıxış edən Ezekiel Morqanın bazar dəyəri də artanlar sırasındadır. Qanalının qiyməti 100 mindən 350 min avroya çatıb.
Portuqaliyalı hücumçu Dioqo Almeydanın bazar dəyəri son yenilənmədə 300 mindən 500 min avroya yüksəlib.
Digər qanalı yarımmüdafiəçi Yau Mozesin qiyməti isə 50 min avrodan 200 minə qalxıb.
Müdafiəçi Rafael Vieqaşın bazar dəyəri də artım göstərib. Onun qiyməti 50 mindən 150 min avroya yüksəlib.
Braziliyalı Ronaldo de Souzanın da dəyərində yüksəliş var. Müdafiəçinin bazar qiyməti 200 mindən 400 min avroya çatıb.
Qeyd edək ki, komandanın serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiç istisna təşkil edir. Onun bazar dəyəri əvvəlki yenilənmə ilə müqayisədə dəyişməyərək sabit qalıb və 550 min avro olaraq göstərilib.
Onu da əlavə edək ki, “Transfermarkt” portalının məlumatına əsasən, “İmişli” klubunun hazırkı ümumi heyət dəyəri 5,20 milyon avro təşkil edir.
MİRZƏ S