
“Sabah” klubu Timoteuş Puxaçın gələcəyi ilə bağlı yekun qərarını müəyyənləşdirib.
Sport1.az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi sol cinah müdafiəçisinin transfer hüquqlarını tam şəkildə əldə etmək istəyir.
Mövsümün əvvəlində Almaniyanın “Holşteyn Kil” klubundan icarəyə götürülən 27 yaşlı futbolçu göstərdiyi çıxışla komanda rəhbərliyinin rəğbətini qazanıb. Premyer Liqada keçirdiyi 23 matçda 9 assistlə yadda qalan Puxaçın transferi üçün artıq klublar arasında danışıqlar aparılır.
Futbolçunun özü də karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşır. O, “Sabah”la avrokuboklarda iştirak etməklə Polşa millisinin diqqətini yenidən cəlb edəcəyinə inanır.
Qeyd edək ki, tərəflər arasında imzalanmış icarə müqaviləsində 600 min avro qarşılığında transferin rəsmiləşdirilməsi bəndi mövcuddur. Bununla belə, “Sabah” rəhbərliyi məbləğin aşağı salınması istiqamətində Almaniya klubu ilə danışıqları davam etdirir. Razılıq əldə olunacağı təqdirdə, Puxaçın uzunmüddətli müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, Timoteuş Puxaç 2021-2024-cü illər aralığında Polşa millisində 15 oyunda forma geyinib.