
“Omoniya” Jali Muaddibin “Qarabağ”a transferi ilə artıq razılaşıb.
Sport1.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yaulb.
Fransalı vinger mövsüm başa çatdıqdan sonra Azərbaycan klubu ilə rəsmi müqavilə bağlayacaq. Bildirilir ki, tərəflər keçidlə bağlı bütün şərtlərdə ortaq məxrəcə gəliblər.
25 yaşlı sol cinah oyunçusunun “Omoniya” ilə müqaviləsi may ayının sonunda bitir. Bu səbəbdən Muaddib “Qarabağ”a azad agent statusu ilə qoşulacaq.
Kipr futbol ictimaiyyəti isə bu transferə birmənalı yanaşmayıb. Yerli mediada qeyd olunur ki, çempionatın ən perspektivli iki futbolçusundan biri sayılan Muaddibin təzminatsız ayrılması “Omoniya” rəhbərliyinin zəif idarəçiliyi, eləcə də digər klubların uğursuz transfer siyasəti ilə əlaqələndirilir.
Yazılarda həmçinin vurğulanır ki, “Qarabağ” avrokuboklarda mütəmadi çıxış edən komandadır və Muaddib burada özünü sübut edərsə, klub gələcəkdə onun transferindən ciddi maliyyə qazancı əldə edə bilər.
Xatırladaq ki, Jali Muaddib ötən yay “Omoniya”ya Rumıniyanın “Botoşani” klubundan transfer olunmuşdu.