
Portuqaliya mətbuatında “Qarabağ”ın transfer planları ilə bağlı maraqlı iddia yayılıb.
Sport1.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, "Qarabağ" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Ağdam təmsilçisinin maraq dairəsində yüksək liaqada çıxış edən "Kaza Pia" klubunun üzvü Joao Qulart yer alır.
Mənbənin iddiasına əsasən, “köhlən atlar” hələ qarşı tərəfə rəsmi təklif göndərməyib. Bununla belə, 26 yaşlı mərkəz müdafiəçisi klubun diqqət mərkəzinə düşüb. Bildirilir ki, “Kaza Pia” futbolçunu təxminən 1,5 milyon avro qarşılığında sata bilər.
191 sm boya malik olan Qulart cari mövsümdə 22 oyunda meydana çıxıb. O, bu görüşlərin 11-də start heyətində yer alıb, 1 qol vurub və ümumilikdə 1644 dəqiqə meydanda olub. Müdafiəçi həmçinin Portuqaliyanın U-18 yığmasının sabiq üzvüdür.
Qeyd edək ki, “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 1 milyon avro civarındadır. Onun “Kaza Pia” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.