
“Nyukasl”ın futbolçusu Entoni Elanqa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Sport1.az xəbər verir ki, hücumçu Bakıdakı ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib:
“Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı matça fokuslanmışıq. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. “Qarabağ” müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər”.
O, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində ilk 24-lüyə düşməsinə təəccüblənmədiklərini bildirib:
“Qarabağ” barədə məlumatımız var. Bu komandanın “Kopenhagen”ə qalib gəlməsi və “Çelsi” ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm”.