
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Liverpul”a 0:6 hesablı məğlubiyyəti dəyərləndirib.
Sport1.az xəbər verir ki, rusiyalı jurnalistlərə danışan millimizin qolkiperi tarixi uğura – pley-off mərhələsinə yüksəlmələrinə baxmayaraq, böyük hesablı məğlubiyyətdən sonra sevinclərinin tam olmadığını vurğulayıb: “Liverpul”la qarşılaşmadan sonra pley-offa yüksəldiyimiz üçün elə də böyük sevinc hissi keçirmədik. Belə böyük hesabla məğlub olmaq planlarımıza daxil deyildi. Dünya futbolunun nəhənginə qarşı başabaş mübarizə aparmaq, sona qədər döyüşmək niyyətində idik. Təbii ki, nəticə bizi məyus etdi, lakin olan oldu”.
Şahruddin “Ayntraxt”la oyundan sonrakı emosiyaların daha fərqli olduğunu da qeyd edib: “Əslində, “Ayntraxt”la oyundan sonrakı sevincimiz daha səmimi və coşğulu idi. Çünki həmin vaxt pley-off mərhələsini 99 faiz təmin etdiyimizi anlayırdıq. Tam arxayınlaşmasaq da, Liverpuldakı matçla müqayisədə daha güclü emosiyalar yaşamışdıq”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə tamamlayaraq pley-offa yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.