
“Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə pley-off mərhələsinə yüksəlməklə ciddi gəlir təmin edib.
Sport1.az xəbər verir ki, “köhlən atlar”ın indiyədək qazandığı minimum mükafat 30,745 milyon avro təşkil edir.
Bu məbləğin böyük hissəsi əsas mərhələdə iştiraka görə ayrılan sabit ödənişdən formalaşıb – 18,62 milyon avro. Oyun nəticələri də klubun büdcəsinə əlavə qazanc gətirib: 3 qələbə və 1 heç-heçə “Qarabağ”a 7 milyon avro qazandırıb.
Ağdam klubu əsas mərhələni 22-ci pillədə tamamladığı üçün cədvəldəki mövqeyə görə də minimum 4,125 milyon avro bonus əldə edib. UEFA pley-off mərhələsinə yüksəlişə görə isə ayrıca 1 milyon avro ödəyib.
Beləliklə, “Qarabağ”ın bu mərhələyə qədər təmin etdiyi ümumi gəlir 30,745 milyon avrodur. Bu rəqəmin bazar payı üzrə yekun hesablamadan sonra artacağı və komandanın mərhələ adlaması halında daha da yüksələcəyi qeyd olunur. “Qarabağ” 1/8 finala çıxacağı təqdirdə klubun qazancı əlavə 11 milyon avro artacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi pley-offda PSJ və ya “Nyukasl”dan biri ilə üz-üzə gələ bilər. Püşkatma yanvarın 30-da, Bakı vaxtı ilə 15:00-da start götürəcək.