
“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” klubu üzərində qazanılan dramatik qələbə barədə danışıb.
Sport1.az xəbər verir ki, 34 yaşlı futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında son saniyələrdə gələn qalibiyyəti möhtəşəm hadisə kimi dəyərləndirib: “Son dəqiqədə, hətta saniyələr qalmış qələbə qazanmaq inanılmaz hissdir. Biz üçüncü qolu vuranda hakim final fitini çaldı. Çox ağır mübarizə oldu, meydanda bütün gücümüzü qoyduq və sonda qalib gəldik. Bu nəticə bizim üçün möhtəşəmdir və çox xoşbəxtik”.
Təcrübəli oyunçu komandanın əzmkarlığını da xüsusi vurğulayıb: “Mübarizədən heç vaxt vaz keçməməyimiz bu qələbədə əsas rol oynadı”.
Növbəti turda “Liverpul”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşən Zubir rəqibin gücünə diqqət çəkib: “Bizi daha bir çətin sınaq gözləyir. Dünyanın ən böyük və fantastik komandalarından birinə qarşı oynayacağımızı bilirik. Bunun nə dərəcədə çətin olduğunu başa düşsək də, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Meydanda bütün gücümüzü ortaya qoyub sonda hansı nəticəni qazanacağımızı görəcəyik”.
Qeyd edək ki, “Qarabağ” “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib.