
Mario Balotelli karyerasını BƏƏ-də davam etdirməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio məlumat yayıb. Xəbərə görə, 35 yaşlı italiyalı hücumçu Dubayın “Əl-İttifaq” klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda “Əl-İttifaq” BƏƏ çempionatının ikinci divizionunda sonuncu pillədə qərarlaşıb. Klub təcrübəli futbolçunun transferi ilə vəziyyəti dəyişmək niyyətindədir.
Balotellinin son klubu “Cenoa” olub. O, bu komandanı 2025-ci ilin yayında tərk edib. Hücumçu 2024/25 mövsümündə Genuya təmsilçisinin heyətində 6 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Marsel”, “Nitsa”, “Breşiya”, “Monza”, “Sion” və “Adana Demirspor” kimi klublarda forma geyinib.