
Erik ten Haq karyerasında yeni mərhələyə başlayır.
Sport1.az xəbər verir ki, sabiq “Mançester Yunayted” və Leverkuzen “Bayer”inin baş məşqçisi Niderlandın “Tvente” klubunda texniki direktor vəzifəsinə təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssis fevralın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. Onunla imzalanan müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Ten Haq texniki direktor postunda Yan Ştroyeri əvəzləyəcək. Ştroyer mövsümün sonunda futboldan ayrılacağını açıqlamışdı.
Qeyd edək ki, Erik ten Haq “Tvente” üçün yad sima deyil. O, futbolçu karyerası dövründə bu klubun formasını geyinib. Mütəxəssis 2002-ci ildə isə məhz “Tvente”də 17 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi kimi məşqçilik karyerasına başlayıb.