
Almaniyanın “Kayzerslautern” klubunda forma geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin meydanlara dönüşü yaxınlaşır.
Sport1.az xəbər verir ki, klubun idman direktoru Marsel Klos mətbuat konfransında forvardın durumuna aydınlıq gətirib. Onun sözlərinə görə, Emrelinin bərpa prosesi müsbət istiqamətdə davam edir və yaxın həftələrdə yaşıl meydanlara qayıtması mümkündür.
“İvan və Mahirlə bağlı əlavə tibbi yoxlamalar aparacağıq. İlkin göstəricilər hər iki futbolçunun 2–3 həftə ərzində komandaya qoşula biləcəyini deməyə əsas verir. Ancaq yekun qərar testlərin nəticəsindən sonra veriləcək”, – deyə Klos bildirib.
Qeyd edək ki, Mahir Emreli ötən ilin noyabrın 10-da “Herta” ilə keçirilən 2-ci Bundesliqa matçında zədələnmiş və uzun müddət meydanlardan kənarda qalmışdı. Azərbaycanlı hücumçu artıq fərdi məşqlərə başlayıb.