
İtaliyada təşkil olunan “Tour de Ski” turnirində iştirak edən erməni xizəkçi Mikael Mikaelyan qaydaları pozduğu üçün cəzaya məruz qalıb.
Sport1.az xəbər verir ki, idmançının yarış geyimində turnirin rəsmi sponsorlarından biri olan Azərbaycanın adının yerləşdiyi hissəni bilərəkdən örtməsi bu qərara səbəb olub.
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məsələ ilə bağlı açıqlamasında belə davranışın yarış qaydalarına zidd olduğunu və yolverilməz sayıldığını vurğulayıb. Mikael Mikaelyan isə verdiyi qısa şərhdə hərəkətinin səbəbini izah etməyib və bunun münsiflər heyəti ilə aralarında qalacağını bildirib.
Xatırladaq ki, FIS ilə Azərbaycan arasında beş illik sponsorluq razılaşması mövcuddur və bu əməkdaşlıq federasiyanın rəsmi yarışlarında tətbiq olunur.