
Dünən Prezident İlham Əliyevin bəzi idmançıları və idman nümayəndələrini təltif etməsini izləyirdim.
Mərasim bitəndən sonra dövlət başçısı sabiq futbolçular Oqtay Abdullayev və Asim Xudiyevlə söhbətləşdilər.
Videoya diqqətlə baxın! Oqtay Abdullayev özündə cəsarət tapır və Prezidenti futbola baxmağa dəvət edir. Ölkə başçısı dərhal cavabında "gələrəm, uduzarlar, sonra pis olar", - deyə bildirir. AFFA-da vəzifə sahibi olan Abdullayev dərhal mövzunu dəyişir. "Özünüz oynamağa gəlin", - deyə bildirir. Asim Xudiyev isə Ağdamdakı stadionun açılışına dəvət edir.
Cəmi 27 saniyəlik videoda o qədər mesajlar var ki. Mən anladığımı, başa düşdüklərimi diqqətinizə çatdırıram:
1. Tədbir bitən kimi Oqtay Abdullayev və Asim Xudiyevlə söhbətləşərək Prezident göstərdi ki, futbolu sevir, maraqlanır. Hamı kimi İlham Əliyev üçün bu idman növü əsasdır.
2. Prezident millinin oyunlarını izləmək istəmir. Çünki qalib xalqın rəhbəri uduzmağı sevmir. Millimiz isə daim məğlub olur. Buna səbəb olan AFFA rəhbərliyidir. Onlar millisinin qələbə qazana bilməməsi Prezidenti kədərləndirir, məyus edir. Ölkə başçısı yığmanın biabırçı məğlubiyyətlərinə şahidlik etmək istəmir.
3. Bu görüşdə gördük ki, veteranlarımızın ağzı söz tutmur. Prezident digər idman növlərinin nümayəndələri ilə görüşdə problemlərdən danışır. Hamısı deyir ki, sizin dəstəyinizlə düzələcək. İlham Əliyev "millimiz uduzur",- deyə irad bildirəndə Oqtay Abdullayev həmin cavabı verə bilmir. Ya da bu AFFA rəhbərliyinin "bacarığına" o qədər bələddir ki, gələcəyə nikbin baxa bilmir.
Bu tədbir mesajlarla dolu idi. Amma inanmıram ki, AFFA rəhbərliyi nəsə başa düşə. Onlar üçün əsas məsələ İnkişaf Strategiyasını həyata keçirməyin yolunu tapmaqdır. Ayılın, cənəblar! Rövşən Nəcəf, Sərxan Hacıyev, Cahangir Fərəcullayev, ölkə başçısı sizin işinizdən, fəaliyyətinizdən narazıdır!
İLKİN SULTANLI