
Son 15 ildə Azərbaycan futbolunda çempionluq mübarizəsində “Qarabağ”ın adı mütləq çəkilir.
Amma bu dəfə vəziyyət bir az fərqlidir. Komanda qış fasiləsinə lider olaraq yollana bilmədi. “Sabah”ın qış çempionluğu sürpriz sayılsa da, “Qarabağ”ın bu yarışdan kənarda olduğunu düşünmək tezdir. Onların əsas üstünlüyü təcrübə, geniş heyət və illər ərzində formalaşan, oturuşmuş sistemdir.
Bir çoxları düşünür ki, artıq Ağdam təmsilçisinin planı hamıya bəllidir. Rəqiblər komandanın nə edəcəyini əvvəlcədən bilir. Hücumda fərdi ustalıq yüksəkdir, amma bəzi oyunlarda dinamika və kreativlik çatışmır.
Zədələr isə "köhlən atlar"ın ən zəif yeridir. Qış fasiləsindən sonra sıx qrafik, avrokubok matçları oyunçuların zədələnmə ehtimalını artırır. Hər nə qədər heyət geniş olsa da, bəzi mövqelərdə eyni səviyyədə əvəzləyici futbolçu tapmaq çətindir.
"Qarabağ” hələ çempionluq yarışından kənarda deyil. Hətta Premyer Liqanın qalibi olmağa ən real namizəd ağdamlılardır. Lakin qarşıda "köhlən atlılar"ı çətin sınaq gözləyir. Bu mövsüm uğur üçün təkcə ad kifayət etməyəcək. Daha çox istək, stabillik və dözümlülük vacib olacaq.
MƏHƏMMƏD HÜSEYNOV