
“Çelsi”nin sabiq müdafiəçisi David Luiz London klubunda çalışdığı dövrdə Antonio Konte ilə münasibətlərindən danışıb.
Sport1.az xəbər verir ki, braziliyalı futbolçu italyan mütəxəssislə tez-tez fikir ayrılıqları yaşasalar da, ortaq məqsəd uğrunda mübarizə apardıqlarını bildirib.
Luizin sözlərinə görə, bir müddət Konte onunla bağlı narazı olduğunu düşünüb: “Bir çox hallarda mübahisələrimiz olurdu, amma sonda hamımız eyni hədəfə köklənmişdik. Uzun müddət onun mənə əsəbiləşdiyini zənn edirdim. Daha sonra Premyer Liqa və İngiltərə Kubokunu qazandıq. Avropaya qayıtmazdan əvvəl o, məni “Napoli”yə dəvət etmək istəyirdi”.
Təcrübəli oyunçu Konte ilə son söhbətini də xatırladıb: “O deyirdi ki, ona mənim kimi enerjili və bir az dəli futbolçu lazımdır. Amma Avropa pasportum olmadığı üçün bu transfer baş tutmadı”.
Qeyd edək ki, hazırda David Luiz Kiprin “Pafos” klubunda çıxış edir. Müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb