
Kiyev “Dinamo”sunun sabiq hücumçusu, eyni zamanda “Milan”ın da əfsanələrindən biri sayılan, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko əfsanəvi məşqçi Valeri Lobanovski barədə fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, “Qızıl top” qalibi ustad çalışdırıcının həm idmançı, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, tanınmış mütəxəssis komandaya məsuliyyət və özünənəzarət prinsiplərini aşılayıb:
“O, bizə məsuliyyəti və intizamı öyrətdi. Bu təsir təkcə futbolçu kimi yox, insan kimi də üzərimizdə hiss olunurdu. Uğura aparan yolu açıq şəkildə göstərdi və mən başqa alternativ tanımıram. Qalib gəlmək xoşdur, amma məqsədə çatmaq üçün keçilən yol mənə daha çox zövq verir”.
Qeyd edək ki, Şevçenko karyerasının mühüm mərhələlərində bu mütəxəssisin rəhbərliyi altında həm “Dinamo”da, həm də Ukrayna millisində çıxış edib. Görkəmli məşqçi 2002-ci ildə 63 yaşında dünyasını dəyişib.