
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Bruno Fernandeşin zədələnməsi ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqanın 17-ci turunda “Aston Villa” ilə keçirilən və 1:2 hesablı məğlubiyyətlə yekunlaşan qarşılaşmada fasilədə əvəzlənən oyunçunun yoxluğunun komandanın oyununa ciddi təsir etdiyini bildirib.
Amorimin sözlərinə görə, təcrübəli yarımmüdafiəçini tam şəkildə əvəzləmək mümkün deyil: “Brunonu əvəz etmək çox çətindir. Amma bu vəziyyəti komandaya da açıq şəkildə deyirəm. Əgər burada müsbət tərəf axtarırıqsa, bu, digər futbolçular üçün özlərini göstərmək şansıdır. Məsələ təkcə epizod yaratmaqla bitmir. Standart vəziyyətlərdə də o, çox vaxt oyunu idarə edən fiqurdur. Bu isə hamı üçün dərs olmalıdır ki, hər aspektdə yalnız bir oyunçuya güvənmək olmaz”.
Mütəxəssis standart epizodlarda yaşanan itkilərə də diqqət çəkib: “Biz təkcə Bruno Fernandeşi deyil, eyni zamanda Brayan Mbeumo və Amad Diallonu da bu cür vəziyyətlərdə itirdik. Bu, komanda üçün ciddi itkidir. Amma eyni zamanda digərləri üçün liderlik keyfiyyətlərini ortaya qoymaq imkanı yaradır”.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan yarımmüdafiəçi qarşılaşmanın ilk hissəsində zədə alaraq oyunu davam etdirə bilməyib.