
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş klubun ötən yay onunla yolları ayırmağa hazır olduğunu açıqlayıb.
Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə Sport Witness-ə verdiyi müsahibədə danışıb. Fernandeş bildirib ki, 2025-ci ilin yayında onun Səudiyyə Ərəbistanı klublarından birinə keçidi ilə bağlı söz-söhbətlər yaranarkən, klub daxilində ayrılıq variantı real olub:
“Klub yayda getməyimi istəyirdi və bu fikir uzun müddət beynimdə qaldı. Mən bunu rəhbərliklə açıq şəkildə müzakirə etdim, amma düşünürəm ki, onlar bu qərarı verməyə cəsarət etmədilər. Qalmaq qərarını verdim. Burada ailəvi səbəblər də var idi, amma əsas səbəb bu klubu səmimi qəlbdən sevməyimdir. Baş məşqçi ilə söhbətim də mənə təsir etdi. Bununla belə, rəhbərlik tərəfindən belə bir yanaşma hiss olunurdu: “Getsən, çox da üzülmərik”.
Fernandeş bu münasibətin onu məyus etdiyini gizlətməyib:
“Bu, mənim üçün çox ağırdır. Daha doğrusu, kədərlidir. Çünki mənim özümə irad tutacaq heç nə yoxdur. Həmişə meydandayam, həmişə oynayıram, sona qədər mübarizə aparıram. Sonra ətrafına baxıb klubu mənim qədər dəyərləndirməyən, onu qorumaq üçün eyni səviyyədə mübarizə aparmayan futbolçuları görürsən. Əsl üzüntü də məhz budur”.