
Dünən II Liqanın 13-cü turu çərçivəsində "Qaradağ Lökbatan" - "Şəki Siti" oyunu keçirilməli idi.
Lakin görüş baş tutmadı. Çünki şəkililər oyuna çıxmayıblar.
Sport1.az-a məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Bölgə təmsilçisi 3 aydır futbolçuların maaşlarını ödəmir. Bu səbəbdən də oyunçular "Qaradağ Lökbatan"la matça çıxmaqdan imtina ediblər.
Bundan əlavə, şəkillərin stadiona, klinikaya və komandanın formasını hazırlayan şirkətə borcu var. Klubun sponsoru ödəniş etməkdən imtina edir. Direktor isə işləri ilə əlaqədar olaraq İspaniyaya gedib.
Bir sözlə, "Şəki Siti"də vəziyyət gərgindir. Futbolçuların maaşları ödənməsə, komanda növbəti turda da meydana çıxmaya bilər. Bu da bölgə təmsilçisinin II Liqada iştirakını dayandırması anlamına gəlir. Əldə etdiyimiz məlumata görə, klubun idarə heyəti tezliklə toplaşaraq bu məsələni həll etməyə çalışacaq.
MİRZƏ S.