Türkiyə klublarından biri Fabriz Tampanın transferində fəallıq göstərir və “Qarabağ”ın planına problem yaratmağa çalışır. Sport1.az-a daxil olan məlumata görə, "Amedspor" futbolçunun keçidiini həll etmək üçün "Şkendiya"ya 600 min avro təklif edib. Bu da Ağdam təmsilçisinin işini çətinə salıb. Çünki Şimali Makedoniya klubu isə yalnız 600 mindən yuxarı məbləği qəbul edəcəyini bildirib.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov rəhbərlikdən "Şkendiya”da çıxış edən sağ cinah vingeri Fabriz Tampanın transfer olunmasını istəyib. 21 yaşlı futbolçu “Qarabağ”la oyunlarda özünü yaxşı tərəfdə göstərdi. Bu da Qurban Qurbanovun diqqətindən yayınmayıb. Maraq üçün bildirək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (5:1) matçında Fabriz komandasının yeganə qoluna imza atıb.
Şimali Makedoniya klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun transfer dəyəri 225 min avrodur.
XƏLİL İBADLI
Sport1.az