"Kəpəz"in yola saldığı oyunçulardan biri də kapitan Yeqor Xvalkodur.
Belaruslu futbolçunun klubsuz qalması çox çəkmədi. Müdafiəçi Qazaxıstan "Tobol"una keçdi. "Sarı-göylər"in sabiq kapitanı Postsovet təmsilçisində legioner həyatı yaşaması və başqa variantlarının olub-olmaması barədə söhbət etdik. Xvalko mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Kəpəz"dən ayrılandan sonra bir müddət vətənimdə istirahət edərək təklifləri nəzərdən keçirdim. Dəvətlər arasında ən cəlbedici və qətisi “Tobol”dan oldu. Onlar məni birbaşa müqaviləyə bağlamağa çağırdılar. Verdiyim qərardan məmnunam. Hazırda "Tobol" turnir cədvəlində ilk "3-lük"də yer alır. Bir şey dəqiqdir ki, yeni komandamla cempionatda qalmaq yox, daha böyük hədəflər ugrunda döyüşəcəyik. Bu mənim də karyeramda yeni səhifə və inkişaf deməkdir".
Futbolçu Azərbaycan klublarından təklif alıb-almaması barədə də danışdı:
"Kəpəz"dən ayrıldıqdan sonra Premyer Liqa təmsilçilərindən təkliflər gözlədim. Onsuz da məqsədim legioner həyatımı davam etdirmək idi. Azərbaycan futbol oynamaq üçün əlverişlidir. Amma təklif gəlmədi”.
Xvalko Azərbaycan və Qazaxıstan Premyer Liqalarını da müqayisə etmək istəmədi.
“Bu barədə hələlik nəsə deməyim çox tezdir. Çünki "Tobol"un heyətində az oyun keçirmişəm. “Kəpəz”ə isə 3 ilimi vermişəm. Ona görə də çempionatları müqayisə etməyin doğru zamanı olmadığını düşünürəm”.
MİRZƏ S.
Sport1.az