
Misli Premyer Liqasının 13-cü turunda “Şamaxı” evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzdu.
Matçdan sonra meydan sahiblərinin hücumçusu Karim Rossi Sport1.az-a müsahibə verdi...
- Görüş haqda düşüncələrin nələrdir?
- Maraqlı oyun keçdi. “Sumqayıt” ilk hissədə topa hakim idi. Vəziyyətlər yaratsa da, yaxşı müdafiə olunduq. Fürsət yaxalamaqda çətinlik çəkirdik. İkinci 45 dəqiqədə qol vura bilsək də, təəssüf ki, sonlarda qapımızda gördüyümüz 2 topla 3 xal itirdik. Zənnimcə, ən azı heç-heçəyə layiq idik. “Sumqayıt”ı da təbrik etmək istəyirəm. Yaxşı oyun göstərdilər. Bu qarşılaşmadan bir şeylər öyrənməliyik.
- Son dəqiqələrdə nə baş verdi ki, ard-arda 2 qol buraxdınız?
- Dərs çıxarmalı olduğumuz anlar idi. Gənc komandayıq. Səviyyəmizi qaldırmaq üçün oyunumuzu təkmilləşdirməliyik.
- Saşa İliçlə aranızdakı mübahisə nəyə görə idi?
- Tam anlamadım. Meydandan qaçaraq çıxırdım. Gəzmirdim, qaçırdım. Lakin “Sumqayıt”ın baş məşqçisi üzərimə qışqırdı. Mən isə ona danışmamasını, sakit qalmasını dedim. Tam olaraq niyəsini başa düşmədim. Məncə, hörmətsizlik idi.
- Son dəqiqədə nə baş verdi?
- Orada nə baş verdiyini tam bilmədim. Anladığım qədərilə, “Sumqayıt”ın baş məşqçisi qol sevinci zamanı bizim zonamıza jest göstərdi. Bu isə çalışdırıcımızı qəzəbləndirdi.
MİKAYIL HACIYEV