21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələ matçında Cəbəllütariq seçməsini məğlub edib - 3:0.
Həmin qarşılaşmadan sonra yığmamızın müdafiəçisi Eşqin Əhmədovun
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- U-21 millimiz tarixində ilk dəfə 10 xal topladı. Matçla bağlı təəssüratların və bu göstərici ilə bağlı fikirlərin necədir?
- Şükürlər olsun ki, rekorda imza atdıq. İnşallah, gələcək nəsil daha yaxşı uğurlara imza atar. Onlar təkcə rekordla kifayətlənməzlər, həm də qrupdan çıxarlar. Biz bu yola çıxanda rekordu yeniləmək və mərhələ adlamaq niyyətində idik. Bunlardan birini bacardıq və bir iz buraxdıq. Bundan sonra daha çox çalışıb əsas milli komandada çıxış etməyi düşünürük.
- Necə düşünürsən, nəticələrimiz daha yaxşı ola bilərdi?
- Oyun baxımından hər qarşılaşmada qalib gəlməyə çalışırdıq. Bəzən alındı, bəzən isə alınmadı. Ümumilikdə yaxşı nəticə qazandığımızı düşünürəm.
- Cəbəllütariqlə oyunda qapı dirəyinə dəyən zərbən oldu. Hücumlarda da fəal idin. Məşqlərdə daha çox hücumameyilli oyunçu kimi hazırlaşırsan?
- Bəli. Həm klubda, həm də millidə hücum futboluna üstünlük verirəm. Daim irəli atılıram. Hər oyunda komandama qol və ya məhsuldar ötürmə ilə dəstək olmağa çalışıram. Əsas odur ki, komanda qalib gəlsin. Bunun üçün əlimdən gələni edirəm.
- Matçdan sonra paltardəyişmə otağında Rəşad Eyyubovun fikirləri necə oldu?
- Komanda olaraq hamımıza təşəkkür etdi. Sadəcə böyük sevinc var idi, başqa heç nə.