SON DƏQİQƏ
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində qeyri-adi vəziyyət hökm sürür.
Sport1.az-a daxil olan məlumata görə, qurumun katibi Asim Nəsirzadə iyulda hərbi xidmətə yollanıb. Bir aydır ki, onun səlahiyyətlərini icra edən yoxdur.
Nəticədə komitədə görüləsi işlər yığılıb qalıb. Oyunçuların statusu, transfer məsələləri, klublar və futbolçular arasında yaranan mübahisələrlə bağlı proseslərdə ləngimələr yaranıb.
Asim Nəsirzadənin hərbi xidmətə yollanması normaldır. Qəribə olan bir aydır onun səlahiyyətlərini icra edəcək şəxsin təyin edilməməsidir. Halbuki AFFA bunu əvvəlcədən bilirdi. Söhbət də futbolçuların statusu və transferi ilə bağlı vacib qərarlar verən komitədən gedir.
Ortaya çıxan mənzərə AFFA-da işlərin necə qeyri-peşəkar təşkil və icra edildiyinin, eləcə də baş katib Cahangir Fərəcullayevin proseslərə normal nəzarət edə bilmədiyinin göstəricisidir.