"Şükürlər olsun ki, qələbələr qazana bilirik. "Neftçi" ilə matçda qalibiyyət əldə etmək bizim üçün çox vacib idi".
Bu sözləri
Sport1.az-a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.
Qolkiper Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" ilə görüşündən sonra (1:0) matçı dəyərləndirdi:
"Qarşılaşmaya 6 xal gözü ilə baxırdıq. Görüşün çox çətin və ağır keçəcəyini bilirdik. Çempionat uzun marafondur".
"Zirə"nin heyətində son 3 rəsmi matçda 1 qol buraxan Aydın Bayramov millinin oyunları üçün özünü daha da yaxşı tərəfdən göstərəcəyini bildirdi:
"Milli yığmada çıxış edən həmkarlarımla - Emil Balayevlə, Nicat Mehbalıyevlə, Rza Cəfərovla, Şahruddin Məhəmmədəliyevlə yaxşı münasibətim var. Hamısına uğurlar arzu edirəm. Milli komandaya dəvət aldığım vaxt olub, sadəcə son düşərgəyə çağırılmadım.
Əgər yaxşı durumdayamsa, çağırıla bilərəm. Məşqçilər korpusu bizi izləyir, çıxışımızı analiz edir. Hər şey onların qərarından asılıdır. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Yığmaya dəvət almaq hər bir futbolçunun arzusudur".