SON DƏQİQƏ
“Payde”nin futbolçusu Henrik Oyamaa UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, 35 yaşlı hücumçu mətbuat konfransında qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Mənim üçün çox maraqlı və həyəcanlı oyun olacaq. İlk matçda özümüzə inam qazandıq. Oyun uzandıqca daha əmin hiss etdik. Bu hissləri növbəti görüşə də daşımaq istəyirik”, – deyə Oyamaa bildirib.
Təcrübəli forvard “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən məşq zamanı arenanın baxımsız vəziyyətdə olan hissələrinin klubun sosial şəbəkə hesabında paylaşılmasına da münasibət bildirib.
“Bunun hörmətsizlik olduğunu düşünmürəm. Ola bilsin ki, hansısa nostalji hissləri yaşayaraq belə bir paylaşım etmişik”, – deyə estoniyalı futbolçu qeyd edib.
Qeyd edək ki, iyulun 30-da Sumqayıt şəhərindəki “SOCAR Polymer Arena”da keçiriləcək “Zirə” – “Payde” oyunu saat 20:00-da başlayacaq.