
Səudiyyə Ərəbistanı 2034-cü il Dünya Çempionatına hazırlıq məqsədilə iddialı layihəyə start verib.
Sport1.az xəbər verir ki, Sky Sport jurnalisti Saşa Tavolyerinin məlumatına görə, ölkənin futbol qurumları bu prosesdə Didye Deşamı əsas fiqur kimi görür. Bildirilir ki, fransalı mütəxəssis Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən böyük hörmət və etimada malikdir.
Əvvəllər Deşamın Səudiyyə klublarından birində işləyə biləcəyi ilə bağlı xəbərlər yayılsa da, son məlumatlara əsasən federasiya onu məhz milli komandanın “sükanı arxasına” gətirmək istəyir. Planlaşdırılır ki, Deşam yalnız baş məşqçi funksiyasını yerinə yetirməyəcək, eyni zamanda yığmanın uzunmüddətli inkişaf strategiyasına da rəhbərlik edəcək.
Səudiyyə tərəfi hesab edir ki, təcrübəli mütəxəssisin yanaşması və qazandığı uğurlar milli komandanı yeni səviyyəyə çıxara bilər. Məqsəd 2034-cü il Dünya Çempionatına qədər rəqabətədavamlı və medal uğrunda mübarizə apara bilən kollektiv formalaşdırmaqdır.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı Didye Deşama tam səlahiyyətlərlə birlikdə səkkizillik, yüksək məbləğli müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, fransalı mütəxəssisin Fransa millisi ilə müqaviləsi 2026-cı ilin iyulunda başa çatır və o, hazırkı sözləşməni uzatmağı planlaşdırmır.