
Danimarka millisinin sabiq baş məşqçisi Oge Hareyde 72 yaşında dünyasını dəyişib.
Sport1.az xəbər verir ki, bu barədə VG nəşri mərhum mütəxəssisin ailəsinə istinadən məlumat yayıb. Bildirilir ki, norveçli çalışdırıcının vəfatı cümə axşamı günü qeydə alınıb. İyul ayında Hareydəyə beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Məlumata görə, Oge Hareyde ömrünün son günlərini ailəsinin əhatəsində keçirib. Xəstəliklə bir müddət mübarizə aparan təcrübəli mütəxəssisin səhhəti son dönəmlərdə ağırlaşıb.
Qeyd edək ki, Oge Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı Rusiyada keçirilən 2018-ci il Dünya Çempionatına çıxarıb. Həmin turnirdə Danimarka yığması 1/8 final mərhələsinə qədər irəliləyib.
Təcrübəli mütəxəssis müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb. Klub səviyyəsində isə “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, “Helsinqborq”, “Malmö” və “Ergryute” kimi klublarda baş məşqçi vəzifəsində işləyib. O, məşqçilik karyerası ərzində İsveç, Danimarka və Norveç çempionu olub, 2014-cü ildə isə İsveçdə ilin məşqçisi adına layiq görülüb.