
Zinəddin Zidanın yaxın zamanda “Real”a qayıdışı baş tutmayacaq.
Sport1.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb. Mənbənin bildirdiyinə görə, 53 yaşlı fransız mütəxəssis son vaxtlar yayılan söz-söhbətlərə baxmayaraq, Madrid klubuna dönüş variantını nəzərdən keçirmir.
Qeyd olunur ki, Zidan hazırda Fransa millisində baş məşqçi postuna fokuslanıb. Bildirilir ki, 2026-cı il Dünya Çempionatından sonra Didye Deşam bu vəzifəni tərk edəcək və Zidan yığmanı çalışdırmağa əsas namizəd kimi nəzərdə tutulur. Hələlik Fransa Futbol Federasiyası (FFF) ilə rəsmi müqavilə imzalanmasa da, tərəflər arasında bu istiqamətdə aydın plan mövcuddur.
Xatırladaq ki, Zinəddin Zidan “Real”a iki dövrdə — 2016–2018 və 2019–2021-ci illərdə rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.