
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda baş tutan “Barselona” – “Ayntraxt” oyunu (2:1) qalmaqallı hadisələrlə yadda qalıb.
Sport1.az xəbər verir ki, RAC1-in məlumatına görə, Kataloniya təmsilçisi Frankfurt klubundan azarkeşlərinin törətdiyi maddi zərərə görə 6 min avro təzminat tələb edib. Bildirilir ki, “Spotify Kamp Nou”da keçirilən qarşılaşma zamanı “Ayntraxt” azarkeşləri onlara ayrılan sektorda bir sıra dağıntılara yol veriblər.
Məlumata əsasən, qonaq fanatlar tribunaları ayıran baryerin bir hissəsini sındırıb, oturacaqlara və tualetlərə zərər yetirib. Bundan əlavə, yeddi ədəd tüstü fişəngi yandırılıb, eləcə də müxtəlif əşyalar tribunaların digər hissəsinə atılıb. Hadisə stadionda gərginliyin artmasına səbəb olub.
Qeyd edək ki, altı turdan sonra “Barselona” Liqa mərhələsində 10 xalla 15-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla turnir cədvəlinin aşağı sıralarında yer alır.