
Soyuq hava, palçıqlaşmış meydan, gərgin mübarizə. "İmişli" - "Karvan-Yevlax" matçını ancaq belə təsvir etmək olar. Qubanın insanın iliyinə işləyən şaxtasında futbol oynamaq qəhramanlıqdan başqa bir şey deyil. Meydanın sürüşkən olması səbəbindən hər iki komanda ehtiyatlı oynamağa məcbur idi. Zədələrin qarşısını almaq üçün risklər minimuma endirilmişdi. Bu da oyunun sürətinə və tempinə birbaşa təsir etdi. Futbolçular daha çox mübarizəyə əsaslanan oyun sərgilədi. Komandalar taktiki cəhətdən bir-birini üstələməyə, müdafiədə səhv etməməyə çalışırdılar. Belə balanslı oyunun nəticəsi elə heç-heçə idi.
Görüşün maraqlı anlarından biri də "Karvan-Yevlax"ın təcrübəli yarımmüdafiəçisi Araz Abdullayevlə “İmişli"nin üzvü Juninyo arasında baş verən gərginlik idi. Qısa davam edən insident zamanı hər iki futbolçu emosiyalarını cilovlaya bilmədi. Lakin baş hakimin vaxtında müdaxiləsi və hər iki oyunçuya xəbərdarlıq etməsi mübahisənin böyüməsinin qarşısını aldı.
Qeyd edək ki, bu nəticə “Karvan-Yevlax” üçün kritik əhəmiyyət daşıyır. Komanda turnir cədvəlində sonuncu pillədən uzaqlaşmaq üçün xal qazanmaqda çətinlik çəkir. “İmişli” isə ev oyununda xallar itirməyə davam edir.
Meydanın vəziyyəti və hava şəraiti nəzərə alınsa, bərabərlik hər iki tərəf üçün məqbul nəticə sayılır.
MƏHƏMMƏD HÜSEYNOV