
DÇ-2026-nın püşkatma mərasimi üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan AFFA prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) rəhbəri Mohsen Gilani ilə görüşüb.
Sport1.az xəbər verir ki, görüş zamanı iki qurum futbol sahəsində əməkdaşlığın genişləndirilməsinə yönələn Anlaşma Memorandumu imzalayıb. Sənədin əsas məqsədi AFFA və PFF arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının təşkili, müxtəlif yaş qruplarından ibarət yığmalar arasında yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik futbolu və əlillər futbolunun dəstəklənməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bundan başqa, hakimlərin mübadiləsi və təhsili də bu əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.
Razılaşma hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların yaradılmasına xidmət etməklə yanaşı, AFFA ilə PFF arasında dostluq və qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.